bookmate game
az
Çingiz Abdullayev

Transilvaniya səfəri

Berätta för mig när boken läggs till
För att kunna läsa den här boken överför filer i EPUB- eller FB2-format till Bookmate. Hur laddar jag upp en bok?
  • b3297108671har citeratför 9 år sedan
    “İnsanın sözlərindən onun ancaq necə görünmək istədiyi nəticəsini çıxarmaq olar, amma əslində necə olduğunu mimikaları və danışarkən etdiyi jestlərdən təxmin etmək lazım gəlir; əsasən də o hərəkətlərindən ki, onları həvəssiz edir”.
  • Shahin Valiyevhar citeratför 5 år sedan
    Lev Tolstoy deyirdi ki, yarımçıq hamiləlik olmur, heç yarımçıq tərbiyəsizlik də. Ya eləsən, ya da deyilsən. Ya bütün reallıqları kompleks şəkildə qəbul etməli, ya da qürurla onlardan imtina etməliyik. Bizə sərf edənləri xatırlamaq, sərf etməyənləri isə unutmaq tarixi baxımdan ən azı axmaqlıqdır və təhlükəlidir.
  • b9431362569har citeratför 6 år sedan
    Lev Tolstoy deyirdi ki, yarımçıq hamiləlik olmur, heç yarımçıq tərbiyəsizlik də. Ya eləsən, ya da deyilsən. Ya bütün reallıqları kompleks şəkildə qəbul etməli, ya da qürurla onlardan imtina etməliyik.
  • Məhəbbət Şirinovahar citeratför 8 år sedan
    sosializm ideal cəmiyyət deyildi və onun haqqında bizə danışılanların hamısı nəticədə böyük yalan çıxdı... Fəqət, kapitalizm haqqında deyilənlərin hamısı həqiqətdir. Acı və xoşagəlməz həqiqət.
  • Məhəbbət Şirinovahar citeratför 8 år sedan
    O acıdır, həmişə faydalı deyil, çox vaxt da təhlükəli olur. Lakin həqiqət bütün mümkün şəraitlərdə həqiqət olaraq qalır
  • Məhəbbət Şirinovahar citeratför 8 år sedan
    Şərq insanları yaxşı bilir ki, səbir müdriklik deməkdir.
  • Məhəbbət Şirinovahar citeratför 8 år sedan
    doğru qərar insandan asılıdır. İradə azadlığı elə budur.
  • Nurlan Süleymanovhar citeratför 8 år sedan
    Qadının istənilən hərəkətini ağıl yox, hisslər idarə eləyir. Hissləri isə yalnız dedi-qodu həyəcanlandıra bilər.
  • Mirtehmez Pashazadehar citeratför 8 år sedan
    Eleqant italyan kostyumu geyinmiş qadınlardan
  • b0497577606har citeratför 9 år sedan
    FƏSİL 20

    Hamı konfrans zalına toplaşdı; prokuror Muntyanu və müstəntiq Barbutse də gəldilər. Onlar son bir neçə gün ərzində qrup üzvləri ilə nələr baş verdiyini nəhayət ki, anlamaq üçün eksperti dinləmək arzusuyla stolun yuxarı başında əyləşdilər. Bir az aralıda İlona və Tatyana Demçeno keçib oturdu. Kolesnikov həmişə olduğu kimi yanlarında idi. Onun hər iki qətldən xəbəri var idi və sahibəsinə yaxınlaşan hər kəsə kifayət qədər ehtiyatla baxır, sanki məhz həmin qonağın qanlı qatil ola biləcəyindən şübhələnirdi. Lesiyanı xəstəxanadan gətirərək otel administrasiyanın nəzakətlə təqdim etdiyi əlil arabasına otuzdurmuşdular. Katibə Ləhbabi onun yanında özünə yer elədi. Kişilər masa arxasında əyləşdilər. Teodoresku professor Pançuleskunun yanında oturmuşdu və sakitcə nə barədəsə onunla söhbət edirdi. Trombetti Sidi Kakuba şən əhvalat danışırdı, halbuki gözlərindən və gərgin vəziyyətdə oturuşundan əsəbilik keçirdiyi hiss olunurdu. İeremiya keçib onun yanında oturdu və Qordon mehribanlıqla kənara çəkildi ki, bu balaca adama öz yanında yer versin.
    Hamı gərgin vəziyyətdə gözləyirdi ki, görəsən, Dronqo nə deyəcək. Təkcə İlona digərlərindən fərqli olaraq çox sakit oturmuşdu və dodaqlarını yalayaraq ekspertə baxırdı, elə bil, bəri başdan səbirsizliklə onun zəfərini gözləyirdi.
    Birinci prokuror Muntyanu ayağa qalxdı.
    — Biz qonağımız cənab Dronqonun xahişilə yığışmışıq, o, ölkəmizə gəldiyi son günlər ərzində çıxardığı nəticələr barədə danışmaq istəyir. Düşünürəm ki, biz tanınmış ekspert reputasiyasını nəzərə alaraq qonağımızı dinləyə bilərik.
    Dronqo ayağa qalxdı və ətrafa göz gəzdirdi. Hamı ona baxırdı. O, növbəti cinayətkarları ifşa etmək, günahsızlara kömək göstərmək, əlaqəsi olmayanları xilas və günahkarları ittiham etməkdən ötrü tez-tez çıxış etməli olurdu. İndi o yenə də əlindəki kozırları açaraq qraf Drakulanın vətəninə səyahətdən danışmalı idi.
    — İstəyirəm dərhal deyim ki, — ekspert söhbəti açdı, — hər iki cinayət vahid aksiya şəklində bir-biri ilə əlaqəlidir, öz məqsədinə nail olmaqdan ötrü qatilin özünün təşkil etdiyi cinayət aktıdır. Lap əvvəldən başlayım. Siz konfransın nə üçün təşkil olunduğunu və bizim dünyanın hər tərəfindən Rumıniyaya nə məqsədlə dəvət olunduğumuzu bilirsiniz. Rumıniya və Bolqarıstan ilin sonunda Şengen zonasına qəbul olunmalıdırlar, lakin Avropanın iki nüfuzlu üzvü, Fransa və Almaniya rəsmi şəkildə bu iki Şərqi Avropa ölkəsinin qəbuluna qarşı çıxırlar. Güman — edirəm, professor Trombetti kimi məşhur mütəxəssis özünün mənfi rəyini verəndən sonra onlara İtaliya da qoşulacaq.
    — Mütləq, — Trombetti mızıldandı, — heç şübhəniz olmasın. Aydındır ki, onlar bu cür cinayətkarlıq səviyyəsi ilə vahid Şengen zonasına daxil olmağa hazır deyillər...
    — Mən indi hər şeyə aydınlıq gətirəcəyəm, — Dronqo söz verdi. — Beləliklə də lap əvvəldən — Moyneştidən, bizim qaldığımız kiçik yerli mehmanxanadan, Eujeniya Lunqul öldürülməsindən başlayaq. Qurbanın seçimi əsla təsadüf deyildi, o, tanınmış hüquq müdafiəçisi, qaraçıların müdafiə hərəkatının fəalı, beynəlxalq səviyyədə tanınmış avtoritet idi. Soyğunçunun onun otağını təsadüfən seçdiyinə inanmaq çox çətindir. Bir anlıq hesab edək ki, lap elə təsadüf idi; əgər səhərə qədər pəncərənin arxasında oturaraq guya qurbanın pəncərəni açıb onu içəri buraxmasını gözləyə bilibsə, hər halda o, yetərincə səbirli insan olub.
    Cənab Sidi Kakub otağa çox erkən, qətldən bir, ya da saat yarım əvvəl daxil olmuşdu. Qatil bilə bilməzdi ki, səhər saat dördün yarısına qədər Eujeniyanın nömrəsində onun dostu, diplomat Brınkuş olub, o adam ki, ədalətsizliklə bu qətldə ittiham olundu. Qatil yatmış Eujeniyanın otağının qapısını təqribən səhər saat altıda döyüb. O, ayağa qalxıb, qapını açıb, qatili öz nömrəsinə buraxıb və onun nə deyəcəyini eşitmək üçün çarpayısına oturub. Ekspertlər sübut etdilər ki, zavallı qadın çarpayıda oturarkən yaxın məsafədən atılmış iki güllə yarasından keçinib.
    Sonra qatil qəsdən onun əşyalarını səpələyib ki, soyğun illüziyası yaratsın, içində pul olan çantanı və səsboğucunu belə çıxartmadığı tapançanı əlinə götürərək dəhlizə çıxıb. İndi əsas məsələ içində pul olan çantanı və silahı gizlətməkdir. Onları bir yerdə gizlətmək axmaqlıqdır. Ona görə də qatil silahı aşağıda gizləmək, çantanı isə çardağa tullamaq qərarına gəlir. Amma çanta çardağın üst qatlarında ilişib qalır və polislər evin üstündə axtarış aparanda təsadüfən aşağı düşüb; bu isə heç cür qatilin planına daxil deyildi. Bəzən bir təsadüf yaxşı hazırlanmış bir çox cinayətləri məhv edib.
    — Axı kimdir bu qatil? — Pançulesku soruşdu. — Onun adını deyin.
    — Mən mənbənin məlumatlarını deyəcəyəm, faktları sadalayacağam və siz qatilin adını özünüz deyəcəksiniz. Sadəcə, bu faktları bir yerə toplamaq lazımdır, onda hər şey aydınlaşacaq. Birinci. Eujeniya güllələndiyi vaxt əynində gecə köynəyi ilə öz çarpayısında oturmuşdu. Əlbəttə, o, müstəqil və azad insan idi, amma o dərəcədə yox ki, səhər saat altıda yad kişini bu vəziyyətdə qəbul etsin. Və ümumiyyətlə, onu öz nömrəsinə buraxsın.
    — Amma Brınkuşu buraxırdı, — Barbutse xatırlatdı.
    — Brınkuş onun dostu idi, — Dronqo etiraz etdi, — qatilsə səhər tezdən saat altıda gəlib və əmin olub ki, qapı açılacaq. Axı o, keçiriləcək mətbuat konfransı, ya da buna bənzər bir şey haqqında nəsə deməyə gəlmişdi. Səhər saat altıda gənc qadının, demək olar ki, lüt-üryan qarşıladığı qonaq kim ola bilərdi?
    — Onun intim dostu, — özünü itirmiş müstəntiq dilləndi.
    — Ya da mərhumun utanmadığı qadın. Sonra. Səsboğucusu olan tapança və çanta... Aydındır ki, ortadan yox etməyin vacib olduğu ilk dəlil silahdır. Qatil onu mətbəxdə sobanın arxasında gizləyir və sonra da bütün gecəni yatmayan növbətçi Palladinin oturduğu dəhliz boyu keçib gedərək yuxarı çıxır və çantanı orada gizlədir. Bu kim ola bilərdi? Kişi xeylağı? Heç vaxt. Palladinin yanından əlində qadın çantasıyla keçib getsəydi, o, dərhal şübhə oyadardı. Heç bir şübhə oyatmadan və heç kimin onu dayandırmayacağına tam əminliklə yalnız qadın əlində çanta ilə keçə bilərdi.
    — Lənət şeytana, — Trombetti ucadan deyindi. — Axı bizimlə cəmi iki qadın var idi.
    — Onlardan biri Eujeniyanın otağına girərək ona iki dəfə güllə atıb, — Dronqo yekunlaşdırdı. — Sonuncu bir məqam da var və onu sizin diqqətinizə çatdırmaq istəyirəm. Xanım Katibə Ləhbabi rumın dilini bilmir və çantanı portyenin qulağının dibindən belə sakitcə keçirə bilməzdi. Axı o, nəsə soruşub və ya dəqiqləşdirə bilər, Ləhbabi isə cavab verə bilməzdi. O zaman iki qadından biri qalır.
    Hamı bintlə sarılmış Lesiyaya baxdı. O, acı-acı güldü və əmin tonda dilləndi:
    — Sizin vəhşi fantaziyalarınız var, cənab ekspert. Vəhşi və sübutsuz.
    — Davam edək, — Dronqo dedi. — Eujeniyanın ölümü əməlli-başlı qalmaqal yaratdı. Bu vəziyyətdə mətbuat konfransı keçirmək mümkün deyildi, amma o keçirildi. Və cənab Teodoresku bunun öhdəsindən məharətlə gəldi. O, ancaq o kəslərə söz verirdi ki, qonaqlarımıza çox provokasyon suallar ünvanlayaraq hakim partiyanı tənqid edirdilər. Gələnlərin əksəriyyəti buna diqqət yetirmişdi. Fəqət, cənab Teodoreskuya bunlar az göründü və o, müxalifət qəzetinin jurnalisti Mirono Ressunu mənim yanıma göndərdi, o isə ertəsi gün özünün qərəzli və uydurma materialını dərc etdi. Qalmaqal dövlət səviyyəsinə qədər böyüdü. Və bu məqamda Rumıniyaya beynəlxalq ekspert qismində təşrif buyurmuş amerikan professoru öldürüldü. Diqqət yetirin, əvvəlcə Teodoresku Popeştiyə gedib-getməyəcəyimizə əmin deyildi. Amma materialın qəzetlərdə yayılmasından xəbər tutan kimi sonuncu, ən ağır zərbəsini öz müdirinin — Xarici İşlər nazirinin və hakim partiyanın mövqeyinə endirməklə böyük ehtimalla Rumıniyanı Şengen zonasına buraxmayıb, daha böyük qalmaqal yaratmaq və müxalifət partiyasının seçkilərdə qalib gəlməsinə kömək etmək qərarına gəlir.
    Popeştidə hazırda restavrasiya olunan qədim monastır var. Əsas zərbəni endirmək üçün Teodoresku ilə rəfiqəsi məhz oranı seçirlər. Hər şey xırdalıqlarına qədər nəzərə alınmışdı. Teodoresku artıq bu monastırda olduğunu təsadüfən ağzından qaçırmışdı. Cənab İeremiya Musçelyanu qonaqları içəri keçirəndə Lesiya Ştefanesku — arxasınca professor Uisleri çağıraraq qəsdən yubandı. Heç bir şeydən şübhələnməyən professor isə onun arxasınca getdi...
    — Bağışlayın, cənab ekspert, — prokuror müdaxilə etdi, — qorxuram, professorun ölümündə bizim diplomatı müqəssir hesab edə bilməyəcəksiniz. Ekspertlər isbatlayıblar ki, Uisleri qadın boğa bilməzdi. Özü də xanım Ştefanesku kimi zərif biri.
    — Doğrudur, — Dronqo razılaşdı, — onu Ştefanesku öldürməyib. O, məqam gözləyərək Uisleri başından vurub, onu elə gicəlləndirib ki, professor huşunu itirib. Sonra başqa daş götürərək öz başına çırpıb. Zərbə sürüşkən olub — insanın özü-özünü çox möhkəm vurması mümkün deyil. Lakin diqqət edin ki, Uisleri çox möhkəm vurmuşdular. Az qala kəllə sümüyünü sındıracaqmışlar. Mən həkimlərlə də söhbət etmişəm və onlar bu faktı təsdiqləyiblər. Ancaq zərif qadını çox ehtiyatla vurublar, sümüklərinə xətər toxundurmadan, sadəcə, dərisini siyiriblər. Bundan başqa, Ştefaneskunu bayıra çıxardanda o, uzun müddət özünə gələ bilmirdi, ancaq daim nəsə deməyə cəhd göstərirdi ki, qrupun digər üzvlərinin diqqətini cəlb etsin.
    Məhz elə bu vaxt cənab Teodoresku ümumi qarmaqarışıqlıqdan və heç kimin ona fikir verməməsindən istifadə edərək monastıra girir və Uisleri boğaraq işini bitirir. Sonra qaçaraq özünü əlaltısının yanına atır və deyir ki, “hər şey qaydasındadır”. Mən bu kəlməyə hələ o vaxt təəccüblənmişdim. Qadın başıyarılmış vəziyyətdə uzanıb, o isə ona deyir: “Hər şey qaydasındadır”.
    — Siz nə danışırsınız? — Pançulesku qorxdu, ehtiyatla yanında oturmuş diplomata baxdı. — Bəs siz niyə susursunuz, cənab Teodoresku?
    — Prokuror gələndə, — Dronqo davam edirdi, — Teodoresku bilərək rumın dilində danışmağa çalışırdı ki, biz heç nə başa düşməyək, lakin cənab Muntyanu ondan ingiliscəyə keçməsini rica etdi. Və mən fikir verdim ki, Teodoresku danışığında bir detalı buraxdı. O dedi ki, Lesiyanı çıxardılar və dərhal professoru axtarmağa başladılar. Bu halda onun tam sübutu var — axı o, hamı ilə birlikdə monastıra girməmişdi və mənim yanımda dayanmışdı. Amma bu, doğru deyil. Ştefanesku uzun komediya oynamaqla ona bir neçə qiymətli dəqiqələr bəxş etmişdi.
    Daha bir fakt. Biz maşınla monastıra yaxınlaşanda Teodoresku cənab Musçelyanudan bir neçə dəfə gözətçinin harada olduğunu təkrar-təkrar soruşdu. Bunu bilmək ona görə vacib idi ki, qətl anında onunla rastlaşmasın.
    — Siz hər şeyi dediniz? — Teodoresku sakit səslə soruşdu. — Bizim eşitdiyimiz hər şey kobud fərziyyələr üzərində qurulmuş sadəcə axmaq ehtimallarınızdır. Mənə — bu cür karyera sahibi olan bir diplomata adam öldürmək nəyə lazım idi? Mən ki dəli deyiləm!
    — Gəlin ondan başlayaq ki, siz doğrudan dəli deyilsiniz, — siz cinayətkarsınız, — Dronqo əminliklə dedi. — Axı siz xanım Ştefanesku ilə Fransada işləmisiniz; siz konsul, o isə sizin əməkdaşınız olub.
    — Hə, nə olsun? Biz diplomatıq və hamımız haradasa işləyə bilərik.
    — Bu də fotolar, — Dronqo içində şəkillər olan zərfi stolun üstünə qoydu. — Onları fransız əks-kəşfiyyatı siz Monte-Karlo kazinosunda böyük pullar xərcləyən zaman və Azur sahillərində olduğunuz vaxt çəkib. Bizim yanımızda “siz” deyə müraciət etdiyiniz, ötən il isə məzuniyyəti birlikdə keçirdiyiniz xanım Ştefanesku ilə istirahətdəsiniz.
    — Kiminlə istirahət etmək mənim şəxsi işimdir, — Teodoresku qəzəblə dilləndi.
    — Şübhəsiz. Bu şəkillərə yalnız arvadınızın etirazı ola bilər. Bəs nə üçün siz inadla özünüzü elə aparırdınız ki, guya Ştefanesku ilə tanış deyilsiniz? Mən sizə deyim nə üçün: məsələ ondadır ki, mənim çox yaxşı bir tanışım var — komissar Dezire Brüley. Ona sizin şəxsinizlə çoxdandır İnterpolun maraqlandığını aşkar etmək çətin olmayıb. Sizin bədxərcliyiniz onda ciddi maraq yaradıb. Diplomat bu qədər pul xərcləyirsə, o, ya kəşfiyyatçıdır, ya da casus. Birincisi, öz dövlətinə onun pulları ilə işləyir, ikincisi isə özgə pulları ilə özgəsinə. Aydınlaşdırılıb ki, mütəmadi olaraq, fransız bankı “Kredit dyu Nord” vasitəsilə sizə pul köçürən narkomafiya ilə əlbirsiniz. Mənə bütün sənədləri göndəriblər, cənab Teodoresku. Və nəhayət, ən əsası. Narkotik- qaçaqçılığı tranziti Bolqarıstanı və Rumıniyanı keçməklə Albaniyaya, oradan isə Avropaya gedir. Necə də qeyri-paradoksal səslənir; Rumıniyanın Şengen üzvü olması onlara heç sərf etmir. Çünki bu halda Macarıstanla olan daxili sərhədlər açılacaq, əvəzində isə Türkiyədən gələn iri miqdarda təchizatın keçdiyi Moldova, Serbiya və Qara dəniz sahillərindəki xarici sərhədlər Avropa Birliyi qüvvələri tərəfindən bağlanacaq. Axı ölkəniz Şengen zonasına qəbul ediləcəyi təqdirdə siz Avropa mütəxəssislərini cəlb edib xarici sərhədlərinizin təhlükəsizliyini təmin etməyə bilavasitə borclu olacaqsınız. Bu isə sizin himayədarlara sərf etmir. Və siz istənilən üsullarla ölkənizin Şengen zonasına qəbul olunmasına əngəl törətmək, Rumıniya ilə Bolqarıstanın qəbulunu daha bir neçə il təxirə salmaq barədə göstəriş almısınız. Üstəlik, öz nazirinizi də devirmək göstərişini almısınız, axı müxalifət hakimiyyətə gələrsə, siz nazirlikdən daha böyük vəzifə, dostlarınızdan isə daha böyük dividendlər uma bilərsiniz.
    — Sübut hanı? — təmkinini itirən Teodoresku bağırdı. — Fotolar heç nə demir. Bəli, biz sevgili olmuşuq. Bir-birimizi çoxdan sevirik. Amma mən evliyəm, o isə ərdədir və bu münasibəti açıb ağartmağa bizim ixtiyarımız yoxdur. Və məhz bu əsaslarla siz hesab edirsiniz ki, biz qətlin törədilməsində günahkarıq?
    — Bu da sənədlər. — Dronqo pencəyinin döş cibindən rumın diplomatının hesab kağızlarının surətlərini çıxardı. — Burada sizin rəsmi konsul maaşınızı yüz və min dəfə aşan bir məbləğ yazılıb.
    — Bu da heç nəyi sübut etmir, — Teodoresku təslim olmurdu.
    — Düzdür, — Dronqo qəfil razılaşdı, — ancaq mənim sonuncu kozırım var. — O, əlil arabasında əyləşən, onları dəhşətlə izləyən və ifşa olunduqlarını anlayan Lesiya Ştefaneskuya yaxınlaşdı. — Olar sizin çantanıza baxım?
    — Bu mənim çantamdır, — o, ah çəkdi, — ölən Eujeniyanın deyil. Nəyinizə lazımdır?
    — Orada sizin tısbağa qabığından hazırlanmış əjdaha formasında olan sancağınız var, — Dronqo xatırlatdı. — Siz onu bütün toplaşanlara göstərə bilərsiniz?
    Lesiya nə baş verdiyini anlamayaraq çantanı ona uzatdı. Teodoresku hamıdan qabaq hər şeyi başa düşdü və boğazında ilişib qalan qışqırığı boğub saxlamaq üçün dodaqlarını qan çıxana qədər sıxdı. Dronqo çantanı açdı və sancağı çıxardı.
    — Xanım Ştefanesku monastıra girəndə bu sancaq onun başında idi, — o, sancağı elə qaldırdı ki, hamı görə bilsin. — Amma o, zərbə alarkən sancaq başında yox idi. Yəni o, əvvəlcədən bilirdi ki, başından zərbə alacaq və ona görə də sancağı çantasında gizlətmişdi, yoxsa Teodoresku gizlin içəri girərkən onu götürməyi unutmamışdı? Qoy xanım Ştefanesku bunu bizə izah eləsin.
    Zala uzun sükut çökdü. Birinci özünü saxlaya bilməyən Lesiya oldu. Son günlərin hadisələri onun üçün çox böyük emosional yük idi. O, başını əyərək sakitcə ağlayır və bununla da günahını etiraf edirdi.
    — Axmaq! — Teodoresku yerindən sıçrayaraq bağırdı. — Sən necə də axmaqsan! Bu lənətə gəlmiş sancağa görə...
    Birinci prokuror Muntyanu özünə gəldi. O, diplomata yaxınlaşdı və düz gözünün içinə baxaraq dedi:
    — Siz Eujeniya Lunqul və professor Uislerin qətlini təşkil etdiyinizə görə həbs olunursunuz.
    Kresloda oturmuş Lesiya səssiz ağlamağa davam edirdi. Sidi Kakub sakitcə qalxdı və bir kəlmə söyləmədən əlini Dronqoya uzatdı. Trombetti Teodoreskuya baxaraq başını yırğaladı və tamamilə kefsiz halda dedi:
    — Belə çıxır ki, Drakulanın davamçıları bu gün də yaşayırlar...
fb2epub
Dra och släpp dina filer (upp till fem åt gången)