Görəsən, bu məxluqun qadın cizgilərini hansı bir turşu zəhərləmişdir? Günahmı, fəlakətmi, yoxsa xəsislikmi? Bəlkə bu qadın məhəbbət nəşələrindən sui-istifadə etmiş, bəlkə köhnə paltar alıb-satmaqla məşğul olmuş, bəlkə də, sadəcə bir kurtizanka olmuşdur? Bəlkə də nəşələri sel kimi özünə cəlb edən küstax gəncliyin zəfərlərini o, yolçuları belə özündən qaçmağa məcbur edən qocalığı ilə bağışlatmağa çalışırdı? İndi onun boş və mənasız baxışlarından soyuqluq yağır, görkəmsiz simasında hədə-qorxu hiss olunurdu. Onun incə səsi qış ərəfəsində kol-kos arasında gizlənmiş cırcıramanın cırıltısına bənzəyirdi.